Kənd təsərrüfatında tətbiq olunan müasir suvarma sistemləri
Damcılı suvarma üsulu – Damcılama üsulunda suvarma suyuna qənaət olunmaqla, daha az su ilə daha çox sahə suvarılır. Bu suvarma üsulunda torpaqda eroziya prosesi baş vermir, qrunt sularının səviyyəsi su itkiləri olmadığından dəyişməz qalır, torpaqlarda təkrar şorlaşmanın qarşısı alınır, suvarma suyu birbaşa bitkinin kök sisteminə verildiyindən onun kökətrafı zonada bərabər şəkildə paylanması təmin olunur. Su ilə birlikdə ehtiyac olan gübrəni də bitkiyə vermək olur. Damlama sistemi qısa müddətdə böyük əraziləri optimal şəkildə suvarmağa imkan verir. Damcılarla suvarma sistemi avtomatik idarə olunduğundan əl əməyi azalır, bitkilərin su təminatı yaxşılaşır.
Yağışyağdırma üsuluilə suvarmada suvarma suyu nasosların köməyi ilə xüsusi borular vasitəsilə çiləyici aparatlara müəyyən olunmuş təzyiqlə vurularaq, yağış şəkilində torpağa düşərək, torpağı və bitkiləri nəmləndirir. Bu üsulla suvarmada tоrpaq qatı müntəzəm olaraq nəmlənir, suvarma avtomatlaşdırılır, tоrpaq deqradasiyasının qarşısı alınır, suvarmanın kiçik normalarla və tez-tez aparılması hesabına suvarma suyuna qənaət olunaraq becərilən bitkilərin məhsuldarlığı yüksəlir.
Sprinkler sistemi –Bu suvarma sistemi tərəvəzçilikdə, istixanalarda, tinglərin və giləmeyvələrin yetişdirilməsində istifadə olunur. Sistem sutkada 6-8mm/hek. suvarma norması ilə layihələndirilir, suvarma 5 gündə bir dəfə 300-400 m3 su sərf etməklə həyata keçirilir. Buxarlanmaya görə suvarmanın gecə aparılması məsləhət görülür.
Mikro süni yağışyağdırma sistemi –Açıq və qorunan ərazidə yetişdirilən kənd təsərrüfatı bitkilərinin və tinglərin suvarılmasında, əsasən səbzə bitkilərinin turp, soğan, kök və kələmin suvarılmasında məsləhət görülür.
Pivot sistemi – Bu sistemdən istifadə etməklə daha geniş sahələri və bir çox bitkiləri suvarmaq imkanı vardır və aşağı təzyiqlə işləyir. Taxıl və qarğıdalı sahələrinin, şəkər çuğundurunun, kartofun, yem bitkilərinin və paxlalıların suvarılmasında geniş istifadə olunur. Həmçinin qurğudan 15-20 faizədək mailliyi olan yamaclarda da istifadə edilə bilir. Həm yanacaq, həm də elektrik enerjisinə qoşmaq mümkündür. Orta və böyük sahələrin (100-200 hek.) suvarılması üçün ən ucuz başa gələn suvarma sistemidir və səmərəliliyi yüksək olmaqla uzun müddət istismar edilə bilir.
Müasir suvarma sistemləri
1.) Damcılı suvarma üsulu 2.) Yağışyağdırma üsulu 3.) Sprinkler sistemi 4.) Mikro süni yağışyağdırma sistemi 5.) Pivot sistemi